Reproduktiv Sağlamlıq Mərkəzinə xoş gəlmisiniz!

Sonsuzluq müalicəsinə müsbət təsir edən faktorlar

Sonsuzluq müalicəsinə müsbət təsir edən faktorlar

Fevral 11, 2018

 Süni mayalanma müalicəsinin nəticələrinə təsir göstərən bir neçə səbəb vardır. Buna namizədlərin yaşı, sağlamlıq vəziyyəti, reproduktiv keçmişi, uşaqlığın vəziyyəti, embrion transferi günü uşaqlıq divarının qalınlığı, transfer edilən embrion sayı, müalicə müddətində son texnoloji vasitələrin istifadə edilməsi, klinikanın prestiji və təcrübəsi, həkimlərin davamlı yenilikləri təqib edib biliklərini yeniləməsi aiddir. Bundan əlavə, cütlüklərin psixoloji durumu və stress süni mayalanma müalicəsinin nəticəsinə təsirini göstərməkdədir.  

Süni mayalanmanın uğurlu nəticələnməsi - hamiləliyin baş tutması və canlı doğum faizi hazırda 35-40%-dir. Həkimlərin fikrinə görə isə süni mayalanmada uğur faizi 2027-ci ildə 100%-ə qədər yüksələcək. Dünyada ən çox süni mayalanma müalicəsinə müraciət edilən ölkə İsraildir. İkinci sırada Fransa dayanır. Siyahıda bu ölkələri isə İspaniya, İngiltərə, Amerika və Almaniya təqib edir. Bu ölkələr arasında ən yüksək uğur göstəricisi Amerikaya aiddir. Qardaş ölkə Türkiyə isə uğurlu müalicə siyahısında 5-ci yerdə dayanır. 

Südün süni mayalanmanın uğuruna təsiri:

Harvard Universitetində süni mayalanma müalicəsi ilə bağlı növbəti bir araşdırma aparıldı. Bu araşdırmanın mövzusu isə süni mayalanma müalicəsi dövründə süd və süd məhsullarının istifadəsinin nəticələrə təsir edib etmədiyi idi. Nüfuzlu bir elmi dərgi olan “Reproduction”-da yayımlanan araşdırmalara görə 35 yaş və 35 yaşdan yuxarı qadınlarda, yetərli miqdarda süd və süd məhsullarını istifadə edən qadınlarda, canlı doğum faizləri daha yüksək çıxdı. 

2007-2013-cü illər arasında, süni mayalanma müalicəsinə müraciət edən 232 qadının, 353 süni mayalanma cəhdi siklusu təqibə alındı. Araşdırmaya daxil olan bütün qadınlar, müalicəyə başlamadan əvvəl, süd və süd məhsulları istifadəsini rəhbər tutan geniş bir eksperimentə cəlb olundu. Aparılan araşdırmalarda daha çox tam yağlı süd məhsullarından istifadə edildiyi məlum oldu. Tam yağlı süd məhsullarının istifadəsi 32%, az yağlı süd 29%, qatıq 19% qeydə alındı. Qadınlar süd məhsulları istifadəsinə görə 4 fərqli qrupa bölündü. Bunun nəticəsində qruplar, uşaqlığın iç təbəqəsi qalınlığı, qanda estradiol səviyyəsi, toplanan yumurta sayı, döllənmə faizləri, embrion keyfiyyəti, klinik hamiləlik və canlı doğum faizləri baxımından müqayisə edildi. Süni mayalanma üzrə mütəxəssilər bu araşdırmanı olduqca yararlı hesab etdilər. Ortaya çıxan nəticələr süni mayalanma müalicəsi ilə uşaq sahibi olmaq istəyən qadınlar üçün süd məhsullarının hamiləlik baş tutması şansını artıra bildiyi yönündə idi. Araşdırma süni mayalanma müalicəsinə başlamadan öncə qadınların süd və süd məhsulları istehlak etməsinin önəminin vurğulanması baxımından olduqca mühümdür.  

Stressin sonsuzluq müalicəsinə təsiri: 

Stress sonsuzluq müalicəsinə mənfi təsir edən faktordur, müalicə zamanı mümkün qədər stresdən uzaq olun. Stressdən qurtulmağınıza səbəb olacaq fəaliyyətlər tapın. Təbiətdə gəzin, dərin nəfəs alın, həmişə müsbət düşünün və xobbilərinizə vaxt ayırın. Bütün bunlara baxmayaraq stressdən uzaq dura bilmirsinizsə, psixoloq və ya psixiatra müraciət edin. Bacaracağınıza inanın. İnanmaq müvəffəqiyyətin ilk addımıdır.

Hamiləlik başladıqdan sonra HCG səviyyəsindəki sürətli artım hamiləliyin təyin edilməsi üçün rahat üsuldur. Eyni zamanda, bu test vasitəsilə hamiləliyin gedişatına da nəzarət edilir. HCG hormonu sidikdə və qanda ölçülə bilir. Sonsuzluq müalicəsi zamanı yumurtlamanı təmin etmək məqsədilə HCG hormonundan çatlatma iynəsi kimi istifadə olunur. Buna görə də transferdən sonrakı 12 gün ərzində bu test səhv nəticə verə bilər. Yalnız transferdən 12 gün keçdikdən sonra qanda bu hormonun miqdarına baxmaqla hamiləliyin baş tutmağını yoxlamaq olar.  
Unutmayın ki, pasiyentlər müalicə komandasının bir üzvüdür, hər bir üzv rolunu düzgün yerinə yetirməlidir ki, müsbət nəticə alınsın. Həkimlərinizin məsləhət gördüyü dərmanları dəqiqliklə qəbul etməyə çalışın. Qida və yuxu rejiminiz çox önəmlidir, vaxtı-vaxtında yeyin, meyvə və tərəvəzləri rasionunuza daxil edin, bitki çayları və bol maye qəbul edin. Gündə 8 saat yatın, səhər tez oyanıb, gecə tez yatmalısınız. İşləyirsinizsə, bunu azaltmağa çalışın. Yorğunluq müalicəyə mənfi təsir edə bilər. Gün boyunca kiçik fasilələr edin, bədəniniz və ruhunuz tez-tez dincəlməlidir. Siqaret və spirtli içkidən, stresdən uzaq durun.